Dünya şöhrətli rəssamın xatirəsi Fransada ehtiramla yad olunub

 

   İyunun 10-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli fırça ustası, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun xatirəsini anma mərasimi keçirilib.

   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirdə çıxış edərək sənətkarın yaradıcılığından danışıb, onun Azərbaycan rəssamlıq sənətinə əvəzsiz töhfələr verdiyini, yaratdığı əsərlərin təkcə ölkəmizdə deyil, respublikamızın hüdudlarından kənarda da böyük şöhrət qazandığını diqqətə çatdırıb.

   Nazir müavini rəssamın daim axtarışda olduğunu, yağlı boya ilə kətan üzərində yaratdığı tabloların bənzərsiz sənət əsərləri kimi müxtəlif ölkələrdə təşkil edilən sərgilərdə nümayiş etdirildiyini bildirib. Qeyd olunub ki, yaradıcılığının əsas qayəsini Azərbaycan mövzusu təşkil edən rəssam monumental əsərlər - Abşeron lövhələri və nar ağacları kimi şedevr tablolar yaradıb. O, başqa sahələrdə də istedadlı şəxsiyyət olub. Rəssamlıqla yanaşı, gözəl musiqiçi olan Toğrul Nərimanbəyov həm də gözəl səsə malik idi.

   Azərbaycan dövləti sənətkara daim diqqət və qayğı göstərib. Ümummilli lider Heydər Əliyev Toğrul Nərimanbəyovun yaradıcılığını yüksək qiymətləndirib.

   Rəssam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi təqaüdə layiq görülüb.

   Mərasimdə bildirilib ki, T.Nərimanbəyovun əziz xatirəsi onu sevən insanların, habelə Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

   Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren Toğrul Nərimanbəyov ilə dostluq əlaqələrindən danışıb. İstedadlı fırça ustasının qızı, Əməkdar rəssam Əsmər Nərimanbəyova atasının xatirəsinə göstərdikləri ehtirama görə mərasim iştirakçılarına öz minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 5.